Baş Prokurorluğun təşkilatçılığı ilə Lənkəranda “Müasir dövrün çağırışlarında media ilə dialoq” adlı işgüzar konfrans keçirilir.
Qurumun Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə təşkil edilmiş konfransda Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Müdafiə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının nümayəndələri iştirak edir.
Astara, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı rayon və Lənkəran Hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının da qatıldığı konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Lənkərandakı abidəsini ziyarət edib. Daha sonra şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhidlər Xatirə Kompleksi”nə baş çəkib xatirələrini yad ediblər.