Aprel ayının 28-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib.
"Unikal" xəbər verir ki, Ismayıllı şəhərində yerləşən ofisində pandemiya qaydalarına uyğun olaraq keçirilən qəbulda 70-ə yaxın sakin iştirak edib. Qaldırılan məsələlər əsasən şəxsi məişət problemi ilə bağlı olub. Sosial məsələlərlə də bağlı müraciətlər edilib. Əksər məsələlər operativ surətdə həll edilib. Digər məsələlər qeydiyyata alınıb və aidiyyəti strukturlara müraciətin ediləcəyi bildirilib.
Günün ikinci yarısında millət vəkili Novruz Aslanovun rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla birlikdə İsmayıllının Tircan kəndində səyyar görüşü keçirilib. Görüşdə hüquq-mühafizə orqanları, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edib. Vətəndaşlar tərəfindən qaldırılan əsas məsələ kənddə su təchizatının yaxşılaşdırılması ilə bağlı olub. Həmçinin, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenilənməsi, torpaq məsələləri, Qasımkənd məhəlləsinə gedən yolun təmir edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, bir sıra yerli əhəmiyyətli məsələlər də qaldırılan müraciətlər sırasında olub. Millət vəkili öz çıxışında dövlət tərəfindən bölgələrdə aparılan tikinti-quruculuq işlərindən danışıb. Qarabağda bu istiqamətdə aparılan işlərə böyük önəm verildiyini diqqətə çatdırıb. İsmayıllı rayonunda da rifahın yüksəlişi üçün lazımi addımların atıldığını vurğulayıb.
Vətəndaşların müraciətləri ilə bağlı aidiyyəti yerli strukturların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Məlumat üçün bildirək ki, yerli sakinlərin məişət problemlərinin həllinə dəstək məqsədilə onlara ərzaq və qeyri-ərzaq yardımları edilir. Pandemiya başladığı gündən belə humanitar layihələr davamlı olaraq həyata keçirilir. Bu gün də bu yardımlar davam edir. İsmayıllı rayonu üzrə ümumilikdə yüzlərlə belə ailələrə müvafiq humanitar yardımlar edilib.