Xaçmaz rayonunda yeni suvarma mövsümünə hazırlıq işləri aparılır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından olan Xaçmazda yeni suvarma mövsümünə hazırlıq işləri aparılır. Məlumat üçün bildirək ki, rayon ərazisində suvarılan torpaqların ümumi sahəsi 50 min 290 hektardır. Bu torpaq sahələri kanallar, çaylar, qarasular və bir qisimi də artezian suları ilə suvarılır. Su mənəbələri isə Samur-Abşeron və Xan arxı kanalıdır. Növbəti suvarma mövsümünə hazırlıq məqsədi ilə həmçinin torpaq kanallarda da lil və kol-kosdan təmizləmə işləri həyata keçirilir. Görülən işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını alır.
Bununla yanaşı rayon ərazisindən keçən çayların daha çox təhlükə gözlənilən hissələrində daşqın və selə qarşı mübarizə tədbirləri görülərək, çay məcraları təmizlənir, sahilqoruyucu və su istiqamətləndirici bəndlər qurulur.
Görülən işlər nəticəsində fermerlərin də işi xeyli asanlaşır. Bağ və sahələrin vaxtında suvarılması həm də məhsuldarlığın yüksəldilməsinə təsir edir.
Qeyd edək ki, Xaçmaz rayonunda sahələri suvarmaq üçün 2 min 180 kilometr uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalından istifadə edilir. Bu kanalların 1790 kilometri torpaq 220 kilometri isə beton məcralıdır. Ötən il rayon ərazisində 3 min metrdən artıq torpaq məcralı kanal beton üzlüyə alınıb.