Aprelin 22-də Türkiyənin İnönü Universitetinin rektoru Prof. Dr. Ahmet Kızılay və onu müşayiət edən nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ilə görüşüb.
"Unikal" xəbər verir ki, dəvəti qəbul edib ADNSU-ya gəldiklərinə görə qonaqlara təşəkkürünü bildirən rektor, professor Mustafa Babanlı görüşdə Türkiyə-Azərbaycan dövlətinin tarixi əlaqələrindən söz açaraq bu köklü bağlılığın təhsil sahəsində də sıx əlaqələrin yaranmasında ciddi rol oynadığını bildirib. ADNSU-da tədris prosesi, əldə olunan uğurlar, universitetin beynəlxalq əlaqələri, ixtisaslar, eləcə də ikili diplom proqramlarından danışan rektor İnönü Universiteti ilə ADNSU arasında əlaqələrin daha da yüksək səviyyədə inkişaf edəcəyinə ümidvar olduğunu deyib.
Türkiyənin İnönü Universitetinin rektoru Prof. Dr. Ahmet Kızılay da ADNSU-da olmaqdan məmnun olduğunu bildirib və rəhbəri olduğu universitet haqqında geniş məlumat verib. O, Azərbaycanın texniki profilli öncül universiteti olan ADNSU ilə birlikdə təhsil proqramlarının, elmi layihələrin icrasında maraqlı olduqlarını qeyd edib və bu istiqamətdə universitet olaraq müvcud imkanlardan istifadə edəcəklərini bildirib.
Görüşdə Türkiyənin İnönü Universitetinin rektoru Prof. Dr. Ahmet Kızılay və həmin universitetin professoru Tahmuraz Abbasov “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” ilə təltif olunublar. Rektor, professor Mustafa Babanlı medalları qonaqlara təqdim edib.
Sonra qonaqlar ADNSU-da, o cümlədən UFAZ-da tədris şəraiti ilə yaxından tanış olublar, tədris laboratoriyalarına baş çəkiblər.
Səfər çərçivəsində qonaqlar, ADNSU-nun rektoru, professor Mustafa Babanlı və universitetin professor-müəllim heyəti Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.