2021-ci ildə icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 22 milyondan çox olub. Bu dövrdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində göstərilən cərrahi xidmət sayı isə 27 min 305-ə yüksəlib.
"Unikal" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
Agentliyin, eyni zamanda, tibb müəssisələrində struktur dəyişiklikləri apardığını bildirən Z.Əliyev vurğulayıb ki, məqsəd idarəetməni təkmilləşdirmək və vətəndaşın tibbi xidmətə əlçatanlığını artırmaqdır:
“İslahatlar çərçivəsində keçən il ölkə üzrə fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinin sayı 278-ə yüksəlib, Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi, Sumqayıtda isə Sumqayıt Tibb Mərkəzi yaradılıb. Ən mühüm yeniliklərdən biri isə 2021-ci ilin oktyabrından etibarən Şuşa şəhərində modul tipli xəstəxananın fəaliyyətə başlamasıdır. Müəssisə ötən il ərzində 1256 pasiyent qəbul edib”.