İnsanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran Ramazan bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir. İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir. Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
"Unikal" xəbər verir ki, Qaradağ rayon icra hakimiyyətinin başçısı və icra hakimiyyətinin məsul vəzifəli şəxsləri bayram münasibəti ilə əlaqədar olaraq dövlətimizə və miilətimizə canları və qanları bahasına əmin-amanlıq verən şəhid və qazi ailələrini ziyarət edərək onların bayramlarını təbrik etmiş,ailələrə maddi yardım edilib.
Ümumilikdə Qaradağ rayonunun 11 qəsəbəsində 41 şəhid ailəsi və 61 Vətən Müharibəsi əlillərinin ailəsi ziyarət olunub. Görüşdə bu əziz gündə ailələrə bayram təbrikləri edilmiş, onlara xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulanıb.
Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə ölkə başçısı Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.