Vətən müharibəsi şəhidi, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülən Xüsusi Təyinatlı Qüvvələrin giziri Tahirov Vüsal Mehdi oğlunun anadan olmasının 25-ci il dönümü qeyd edilib.
"Unikal" xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə İkinci Fəxri Xiyabanda uyuyan şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.
Bildirilib ki, hər bir Azərbaycan oğlu kimi Vüsal Tahirov da torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb. Bu səbəbdən də Vətən Müharibəsi zamanı silaha sarılaraq cəbhəyə yollanmış və düşmənin qarşısında sipər olub.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib, məktəblilərin vətənpərvərliyə və qələbəyə aid səsləndirdiyi şeirlər dinlənilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidin ailə üzvləri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.
Anım tədbiri daha sonra Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilib. Burada şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən RİH başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, şəhidin ailə üzvləri və qazilər Abşeron rayonunda şəhid və qazi ailələrinə hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda Abşeron məktəblilərinin və incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim olunmuş, şəhidin həyat və fəaliyyətindən söz açılıb.