"Ermənistan Azərbaycanın torpaqlarını işğal etdikdən sonra həmin torpaqlarda vandalizm siyasəti həyata keçirib. Bu siyasət nəticəsində istər Qarabağda, istərsə də Şərqi Zəngəzurda bizim bütün şəhər və kəndlərimiz darmadağın edilib".
Bunu "Unikal"a açıqlamasında deputat Mahir Abbaszadə deyib. O bildirib ki, həmin torpaqlarda bütün infrastruktur dağıdılıb:
"Eyni zamanda ermənilərin Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan torpaqlarında törətdikləri dağıntılar torpaqlarımız azad edildikdən sonra daha açıq görünməkdədir. Ermənistan Azərbaycanın torpaqlarını 30 il işğal altında saxladığı müddətdə təkcə yaşayış məntəqələrinə deyil, eyni zamanda flora və faunaya da ciddi ziyan vurub. Ermənilər Azərbaycanın təbii sərvətlərini necə gəldi xaricə daşıyıb orada pul vəsaitlərinə çeviriblər. Eyni zamanda Azərbaycanın flora və faunasını, meşələrdə olan qiymətli ağacları necə gəldi istifadə edərək torpaqlarımızda vandalizm siyasəti həyata keçiriblər.
Digər tərəfdən, biz torpaqlarımızı işğaldan azad etdikdən sonra bu ərazilərdə kütləvi məzarlıqlar tapmışıq. Həmin məzarlıqlarda tapılan meyitlər üzərində aparılan ekspertizalar göstərir ki, Ermənistan tərəfi bu insanları ən ağır işgəncələrə məruz qoyduqdan sonra qətlə yetirib. Bütün bunlar Ermənistan dövlətinin bu gün də apardığı terror siyasətinin təzahürləri kimi qiymətləndirilməlidir. Mənə elə gəlir ki, Cənab Prezidentin "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirdiyi fikirlər orada dünyanın beyin mərkəzlərini təmsil edən şəxslər üçün başa düşülən idi. Düşünürəm ki, həmin konfranda səsləndirilən fikirlər dünya mətbuatında işıqlandırılacaq və Ermənistanın vandalizm siyasəti dünya tərəfindən də qınanacaqdır", - deyə M.Abbaszadə əlavə edib.
Seymur Əli