Aprelin 29-da ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfrans artıq mühüm bir platforma kimi formalaşmaqdadır. Belə ki, bu konfrans ötən ildən keçirlməyə başlanılmış və ilk konfransda iştirakçılar növbəti konfransın Qarabağda keçirilməsini təklif etmişdilər. Məhz bu il Konfrans iki gün həm Şuşada, həm də Bakıda keçirildi. Konfransın ilk günü “Beynəlxalq Şuşa Forumu” adı altında təşkil olunmuşdur.

Ölkə Prezidenti cənab İlham Əliyev aprelin 29-da beynəlxalq konfransda iştirak etmiş və iştirakçların suallarını cavablandırmışdır. Cənab Prezident bir daha Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmış, Azərbaycan-Ermənistan münasibətlərindən, proseslərin gedişatından geniş bəhs etmiş, regionda və dünyada baş verən hadisələrə dair fikir bildirmiş, Azərbaycanın gələcək planlarından danışmışdır.

Azərbaycan Prezidenti konfransda erməni vandalizminə və bu məsələdə ölkəmizə qarşı beynəlxalq təşkilatlar tərfindən olan ikili standartlara xüsusi diqqət çəkmişdir. Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır. 30 il ərzində münaqişənin həlli ilə məşğul olmalı olan ATƏT-in Minsk qrupu tərəfindən heç bir praktiki addım atılmamış, işğalçıya qarşı heç bir təsir göstərilməmişdir. Eyni zamanda, Ermənistan 30 illik işğalçılıq dövründə həmin ərazilərdə Azərbaycan xalqına məxsus mədəni irsi dağıdaraq yerlə yeksan etmişdir. Dünyada mədəni irsinin qorunub saxlanmasını öz fəaliyyətinin prioriteti elan etmiş YUNESCO isə bu erməni vandalizminə laqeyd münasibət bəsləmiş, “siyasi məsələlərlə məşğul olmamaq” adı altında həmin ərazilərə missiya göndərməkdən imtina etmişdir. Torpaqlar işğaldan azad edildikdən sonra bu təşkilat fəallaşmağa başlamış və “erməni tarixi irsinin” müdafiəsinə qalxmağa cəhdlər etmişdir ki, bu da ikili standartların bariz nümunəsidir.

“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda cənab Prezident İlham Əliyev bir daha vurğuladı ki, artıq Azərbaycan regionda yeni reallıqlar yaradıb və Ermənistan bu reallıqları qəbul etmək məcburiyyətindədir. Azərbaycan uzun illər işğaldan əziyyət çəkməsinə baxmayaraq sülh gündəliyi ilə çıxış edən tərəf olmuşdur. Ölkəmizin irəli sürdüyü 5 təməl prinsipinin Ermənistan tərəfindən qəbul olunması isə bu ölkənin yaranmış reallıqları qəbul etmək məcburiyyətindən irəli gəlir və bu 5 prinsip iki ölkə arasında imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcəkdir. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Bir sözlə, Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir. Azərbaycan tərəfindən açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir. Azərbaycan Prezidenti beynəlxalq konfransda bildirdi ki, Ermənistan regionda davamlı sülh və təhlükəsizlik naminə işğalçılıq siyasətindən birdəfləlik əl çəkməli, belə ki, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına son qoymalı, qonşularla münasibətləri normallaşdırmalıdır. Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Revanşizm siyasətinin yürüdülməsindən imtina, əməkdaşlıq və konstruktivliyə maraq göstərmək Ermənistan üçün yeganə müsbət çıxış yolu ola bilər.

Azərbaycan Prezidenti konfrans zamanı onu da qeyd etdi ki, artıq münaqişə geridə qalıb və Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı olduqlarını dərk etməlidirlər. Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamalıdırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar. 

“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” beynəlxalq konfransında cənab Prezident İlham Əliyev Azərbaycanın həm qonşu ölkələrlə, həm də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətlərinin olmasına da diqqət çəkdi. Azərbaycan dövlətinin müstəqil siyasət yürütməsi xalqın milli maraqlarına xidmət edir. Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ölkələr arasında əməkdaşlıq və qardaşlığın mahiyyətini əks etdirir. Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə isə Azərbaycanın strateji maraqlarına əsaslanır. Bir sözlə, Azərbaycanın bütün qonşularla yaxşı münasibətləri vardır. Bundan əlavə, Azərbaycan dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatları ilə də yaxşı münasibətlərə malikdir. Azərbaycan-Ermənistan münasibətlərin normallaşmasında maraqlı olan Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlıq son illər ərzində yeni mərhələyə qədəm qoyub. Avropa İttifaqı tərəfsiz bir təşkilatdır və bu məsələdə ədalətli vasitəçi kimi qəbul olunur.

Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycan cəmiyyətinin dünyəvi xarakterini gücləndirəcək. Dünyəvilik Azərbaycan dövlətçiliyinin fundamental sütunlarından biridir. Avropa İttifaqı ilə yaxın əməkdaşlıq Azərbaycanın müasirləşməsinə, o cümlədən gənc nəslə, təhsil potensialına da ciddi töhfə verəcək. Azərbaycan da Avropa İttifaqı ilə münasibətlərini ehtimallar üzərində deyil, praqmatizm, qarşılıqlı fayda və maraqlar üzərində qurur. Avropa İttifaqı öz sərhədlərində sabitlik olmasını istəyir, Azərbaycanın enerji potensialına, nəqliyyat-kommunikasiya infrastrukturuna böyük maraq göstərir. Avropa İttifaqı da Azərbaycanın yaratmış olduğu yeni reallıqları tam olaraq qəbul edir. Ölkəmiz Avropa İttifaqı ilə yaxın münasibətlərin qurulmasını istəyir, qarşısına üzvlük kimi qeyri-real hədəflər qoymur, müasir texnologiyalara, Avropanın enerji bazarına daha geniş çıxış istəyir. Bu isə Avropanın enerji strategiyası ilə tamamilə uzlaşır. Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz ölkələrinə eyni bucaq altından yanaşmasının tərəfdarıdır.

“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” beynəlxalq konfransında cənab Prezident İlham Əliyev Azərbaycanın regionun gələcəyi ilə bağlı planları haqqında danışarkən bir sıra amilləri əsas şərt kimi təsnif etmiş və 10 ildən sonra Azərbaycanının Cənubi Qafqaz regionunda daha güclü dövlət olacağını əminliklə qeyd etmişdir.


Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri