Dövlət Gömrük Komitəsinin Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişafı” mövzusunda seminar keçirilib.
"Unikal" xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyinin, əməkdaşlarının və tələbələrinin iştirakı ilə keçirilən seminar Milli Məclisin deputatı, görkəmli iqtisadçı, dövlət və ictimai-siyasi xadim, akademik Ziyad Səmədzadə tərəfindən təqdim edilib.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbir iştirakçılarını salamlayaraq Heydər Əliyev irsinin tədqiqi və daha geniş auditoriyada təbliği məqsədilə təşkil edilən seminarın əhəmiyyətindən danışıb. Qulu Novruzov akademik Ziyad Səmədzadənin iqtisadiyyat elminin inkişafındakı müstəsna xidmətlərindən söz açaraq, keçirilən tədbirin Akademiyada iqtisadçı kadrların hazırlanması, onların bu sahədə bilik və bacarıqlarının artırılması istiqamətindəki vacib rolunu vurğulayıb. Akademiya rəisi həmçinin görkəmli alim Ziyad Səmədzadənin 44 günlük Vətən Müharibəsində işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, bərpa və yenidənqurma işlərinin aparılması istiqamətində öz elmi tədqiqatları və araşdırmaları ilə yaxından iştirakını xüsusilə qeyd edib.
Seminarda məruzəçi qismində çıxış edən akademik Ziyad Səmədzadə Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafı üçün tarixi xidmətlərindən söz açıb. Ziyad Səmədzadə zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin Azərbaycanda yenidən böyük siyasətə qayıtdıqdan sonra respublikanı ağır fəlakətdən qurtarmaq üçün Azərbaycanın tarixi-iqtisadi xüsusiyyətlərinə, milli mənafelərinə uyğun inkişaf strategiyası hazırladığını, iqtisadi islahatların aparılmasını prioritet vəzifələr kimi müəyyən etdiyini qeyd edib. O, Ümummilli liderin gömrük xidmətinin qurulmasında verdiyi töhfələrdən, gömrük sisteminin qanunvericilik bazasının təkmilləşdirilməsindəki rolundan söz açaraq, gömrük xidmətini Azərbaycanın dövlət müstəqilliyinin atributlarından biri kimi səciyyələndirdiyini diqqətə çatdırıb.
Ziyad Səmədzadə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanılması, Azərbaycanda ayrı-ayrı sahələrin inkişafında Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət və strategiyanın onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Tədbirdə müzakirə edilən sahələr ətrafında tələbələrin sualları cavablandırılıb.
Daha sonra Ziyad Səmədzadə müəllifi olduğu “Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı 5-cildlik əsərini Akademiyanın kitabxanasına təqdim edib.
Sonda Qulu Novruzov öz dəyərli fikirlərini, zəngin təcrübəsini tədbir iştirakçıları ilə bölüşdüyünə görə akademik Ziyad Səmədzadəyə dərin minnətdarlığını bildirərək bu cür əhəmiyyətli tədbirlərin gələcəkdə də davamlı olmasını arzu edib.