Bu gün UNEC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Azərbaycanda milli iqtisadi sistemin formalaşması və inkişafı” mövzusunda respublika elmi-praktiki konfrans keçirilib.
"Unikal" xəbər verir ki, konfransdan öncə UNEC kollektivi Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, elm xadimləri və digər qonaqların iştirak etdiyi konfransın açılışında UNEC-in rektoru professor Ədalət Muradov, Yeni Azərbaycan Partiyası sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov çıxış ediblər.
Rektor Ədalət Muradov, ulu öndərin zəngin iqtisadi irsinin öyrənilməsinin əhəmiyyətindən söz açaraq, dahi liderin uğurlu siyasəti nəticəsində Azərbaycanın sürətli inkişafının təmin olunduğunu, iqtisadiyyatda demokratiyanın bərqərar edildiyini, qiymətlərin liberallaşdırıldığını, tələb-təklif mexanizminin işə düşdüyünü, özəlləşdirməyə start verildiyini, xarici investorların ölkəmizə cəlb edilməsi istiqamətində ciddi əsasların yaradıldığını, eləcə də Azərbaycan vətəndaşının rifahının əhəmiyyətli dərəcədə yüksəldiyini bildirib.
Rektor Azərbaycanın iqtisadi modelinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, 44 günlük müharibədə əldə edilən zəfərin əsasında məhz bu iqtisadi modelin dayandığını diqqətə çatdırıb.
YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri, DSK-nin sədri Tahir Budaqov ulu öndərin çoxşaxəli fəaliyyətindən, eləcə də sosial-iqtisadi konsepsiyasının prioritetlərindən danışıb. Ümummilli liderin aqrar sahədə, milli təhsilin inkişafında, milli hərbi kadrların hazırlanmasında, eləcə də azərbaycançılıq ideologiyasında göstərdiyi misilsiz xidmətlərindən söz açıb.
Sonra millət vəkili Vüqar Bayramov “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” mövzusunda, kafedra müdiri professor Ümidvar Əliyev “Azərbaycanda bazar iqtisadi sisteminin formalaşmasının nəzəri əsasları və xüsusiyyətləri” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans çərçivəsində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanlının “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlı monoqrafiyasının təqdimatı olub.
Təqdimat mərasimində çıxış edən komitə sədri Sadiq Qurbanlı monoqrafiyanın ərsəyə gəlməsi barədə məlumat verib. Dörd fəsildən ibarət olan monoqrafiyada ulu öndərin siyasətinin fəlsəfi mahiyyətinin, iqtisadi, siyasi, mədəni quruculuq və milli ideologiyanın formalaşması sahəsində göstərdiyi misilsiz xidmətlərinin, həmçinin Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu sosial-iqtisadi siyasətin, Birinci vitse-prezident Mehriban Əliyevanın xoşməramlı missiyasının yer aldığını bildirib.
Sonra AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı İsa Həbibbəyli, millət vəkili Fatma Yıldırım ulu öndərin dövlət quruculuğundakı misilsiz xidmətlərindən söz açıblar, monoqrafiyanın ümummilli liderin zəngin irsinin öyrənilməsi istiqamətində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıblar.
Çıxışlardan sonra millət vəkili Sadiq Qurbanlının iştirakı ilə monoqrafiyanın imzalanması mərasimi olub.
Konfrans mayın 5-də “Azərbaycanın milli inkişaf modeli”, “Maliyyə, bank, mühasibat və audit sisteminin inkişaf modeli”, “Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafı”, “Azərbaycanda intellektual və yaradıcılıq potensialın inkişafı”, “Qarabağda yeni iqtisadiyyat quruculuğu: imkanlar və perspektivlər” mövzularında bölmə iclasları ilə davam edəcək.