Mayın 4-də Qazaxda şəhid baş leytenant Xaliddin Nəsibovun bulaq-abidə kompleksinin açılışı olub.
“Unikal” xəbər verir ki, açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, şəhid döyüş yoldaşlarının ailə üzvləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək 44 günlük Vətən müharibəsindən, həmin müharibədə əldə etdiyimiz tarixi Qələbədən danışıb. Ötən müddət ərzində şəhidlərimizin daha da əziz olduğunu, xatirələrinin daim yad olunduğunu vurğulayıb.
Şəhidin atası Vaqif Nəsibov isə çıxışında bulağın tikilməsində, ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb. Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksinin yanında bulağın tikilməsi üçün yerin ayrılmasına və göstərilən dəstəyə görə rayon rəhbərliyinə razılığını bildirib.
Qeyd edək ki, İkinci Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən Xaliddin Nəsibov 6 noyabr 2020-ci ildə şəhid olub.
Şəhid baş leytenant ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Qazax şəhərində küçələrdən biri də X. Nəsibovun adını daşıyır.