"Bütün dünyada insan alveri, zorakılıq və buna bənzər cinayətlərin qurbanlarına xidməti əsasən qeyri-kommersiya təşkilatları həyata keçirir. Bizdə də bu qismən belədir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
O bildirib ki, dövlət tərəfindən göstərilən kömək kifayət deyil:
"Qeyri-hökumət təşkilatlarına daha çox vəsait və resurslar verilməlidir. Azərbaycanda insan alveri, zorakılıq sahəsində fəaliyyət göstərən və DİN-in də əməkdaşlıq etdiyi təşkilatlar var. Bu təşkilatların xeyli problemləri var və onlar dövlət səviyyəsində həll edilməlidir".
R.Nurullayev qeyd edib ki, sığınacaqlarda reabilitasiya olunan qurbanların cəmiyyətə reinteqrasiyasında ciddi problemlər var.
"Onlara peşələr öyrədilir, amma daha yüksək səviyyədə qurulmasına ehtiyac var. Əlavə olaraq, qurban sığınacaqı tərk edəndə konkret iş yerinə yönəldilməlidir. İş yeri isə 300-400 manat olanda, o şəxs reinteqrasiyadan imtina edir və köhnə peşəsinə qayıdır".
Anar Kəlbiyev