Naxçıvanda dövlət məktəblərində təhsil alan uşaqların yeni geyim formaları Azərbaycandakı digər məktəbli geyim formalarından fərqlənəcək.
"Unikal" xəbər verir ki, bununla bağlı Naxçıvan MR Nazirlər Kabineti qərar verib. Belə ki, Naxçıvanda təhsil alan uşaqların yeni geyim formaları ilə bağlı qərar ötən ay təsdiq edilib.
Həmin formaların etiketində istifadə edilən parçanın tərkibi barədə və “məktəbli forması” sözləri yazılacaq. Liseylərin geyim formasının üzərində isə məktəbin emblemi əks olunacaq.
Qızlar üçün yay forması önü düyməli uzunqol köynək, ətək və qalstuk, oğlanlar üçün yay forması önü düyməli uzunqol köynək, şalvar və qalstuk olacaq. Qızlar üçün qış forması önü düyməli uzunqol köynək, ətək, önü bağlanılan jilet, önü bağlanılan cibli pencək və qalstuk, oğlanlar üçün qış forması önü düyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jilet, önü bağlanılan cibli pencək və qalstuk olacaq.