Mayın 5-də Azərbaycanda xalçaçıların peşə bayramı - “Xalçaçı günü” Kürdəmir rayonunda qeyd olunub.
"Unikal" xəbər verir ki, bu münasibətilə “Azərxalça” ASC-nin Kürdəmir filialında tədbir keçirilib. Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov, Azərxalça” ASC- nin Kürdəmir filialının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə rayonda yerləşən Heydər Əliyev Parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov 455- ci Qazax qrupuna aid olan xalçanı kəsib, əlamətdar gün münasibətilə xalçaçıları təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb.
Filialda toxunan xalçalar haqqında məlumat verən “Azərxalça” ASC- nin Kürdəmir filialının rəhbəri Abuşov Rauf qeyd edib ki, filialda əsasən Şirvan, Quba, Qarabağ, Naxçıvan, Qazax və Bakı çeşni qrupları əsasında müxtəlif ölçüdə xalçalar yun ip, əriş və pambıq arğacdan istifadə etməklə xalçalar toxunur. Toxunan xalçalar əsasən yüksək sıxlığına görə fərqlənir. Rayonumuzun başçısı xalçaçılarla görüşərək ilk növbədə “Xalçaçı günü” münasibəti ilə xalçaçıların bayramlarını təbrik edib və sosial durumları ilə yaxından maraqlanıb. Daha sonra “ Azərxalça ” ASC –nin İdarə Heyətinin sədri Emin müəllim tərəfindən göndərilən xalça Azərxalça ailəsi adından rayonumuzun başçısı Elxan müəllimə təqdim olunub. Sonda xatirə şəkili çəkilib.