Mayın 6-da müasir Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) tədbir keçirilib.
AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ulu Öndərin həyat və siyasi fəaliyyətinin bəzi məqamlarını əks etdirən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.
Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi missiyalarından söz açaraq onu xilaskar lider adlandırıb: “Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Azərbaycan xalqı xoşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətin simasında əsl Ümummilli Lider bəxş etmişdir. O, xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirdi”.
“Hələ 1969-cu ildə Respublika rəhbəri təyin edilən Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycanı digər SSRİ respublikaları arasında önə çıxarmağı bacardı. Hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər birinci katib işləyərkən, istərsə də ondan sonra İttifaq səviyyəli vəzifələrdə çalışarkən Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutmuşdur. Heydər Əliyev dəfələrlə öz sinəsini sipər kimi qabağa verərək xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur”, - AHİK sədri bildirib.
“Ulu öndərin təşəbbüsü və fəal iştirakı ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Heydər Əliyevin müstəsna xidmətləridir. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım idi”, - S.Möhbalıyev vurğulayıb.
“Azərbaycan həmkarlar ittifaqlarının güclü təşkilat kimi möhkəmlənməsində, onun sıralarının genişlənməsində, vətəndaş cəmiyyətində özünə layiq yer tutmasında Ulu Öndərin əvəzsiz xidmətləridir. Hələ Sovet İttifaqı dövründə həmkarlar ittifaqlarına daim diqqət və qayğı ilə yanaşırdı. Həmin dövrdə o, Azərbaycan həmkarlar ittifaqlarının keçirdiyi tədbirlərində, o cümlədən, əksər qurultaylarında iştirak etmişdir. Xalqın tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gətirilən Ulu Öndərin Prezident seçilməsindən cəmi bir il sonra – 1994-cü ildə bilavasitə onun təşəbbüsü və nəzarəti altında həmkarlar ittifaqlarının fəaliyyətini müasir tələblər səviyyəsində tənzimləyən və beynəlxalq həmkarlar ittifaqı təcrübəsinə tam əsaslanan “Həmkarlar İttifaqları Haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bütün bunlar Heydər Əliyevin həmkar ittifaqlarına göstərdiyi dövlət qayğısının nümunəsidir”, - S.Möhbalıyev deyib.
Konfederasiya sədri ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı inkişafını, sürətli tərəqqisini, doğma Vətənimizin dünyaya yeni formada təqdim edilməsini Ulu Öndərin müəyyənləşdirdiyi yolun layiqli davamı kimi dəyərləndirib: “44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər Heydər Əliyevin müəyyənləşdirdiyi və müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin layiqincə davam etdirdiyi siyasətin nəticəsi və təntənəsidir. Ermənistanın 30 illik işğalına son qoyuldu, məğlubiyyət damğası birdəfəlik üzərimizdən götürüldü, yeganə ağrılı problemimiz həllini tapdı. Azərbaycan döyüş meydanında yalnız Ermənistanı cəzalandırmadı, həm də onilliklər boyunca xalqımız barədə dünyada mənfi obrazlar yaratmağa çalışan dünya erməniliyinə böyük zərbə vurdu. Ermənistan ordusunun gücü, erməni əsgərinin döyüş əzmi barədə uydurulmuş mif bir neçə gündə darmadağın edildi”.
S.Möhbalıyev əminliklə ifadə edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müzəffər davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi bizi növbəti, daha böyük qələbələrə daşıyacaq və Azərbaycan həmkarlar ittifaqları da bu sarsılmaz birlik naminə üzərinə düşən bütün işləri ləyaqətlə yerinə yetirəcək.