Qazaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü böyük ehtiramla yad edilib.
Bu barədə "Unikal"a Qazax Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Qazax rayonunda da silsilə tədbirlərlə geniş şəkildə qeyd edilib. Qazax Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar dahi şəxsiyyətin siyasi irsinin təbliği məqsədilə "Tarix yazan və yaradan lider” başlığı altında ekskursiyalar və "Açıq qapı” günləri təşkil olunub. 2 minə yaxın ziyarətçinin iştirak etdiyi “Açıq qapı” günlərində fenomenal şəxsiyyətin mənalı ömür yolu və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət sərgi nümayiş etdirilib. Mühazirələr oxunub, Ulu Öndərə həsr edilmiş filmlər təqdim edilib. Bundan əlavə, rayonda Ulu Öndərin anadan olmasının 99-cu ildönümü ilə bağlı silsilə tədbirlər, idman yarışları, müsabiqələr keçirilib.
Mayın 10-da respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ümummilli Liderin anadan olmasının 99-cu ildönümü böyük ehtiramla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin ildönümü ilə əlaqədar Ulu Öndərin adını daşıyan parka gələrək dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən stendlərlə, kitab və jurnallardan ibarət guşə ilə tanış olub, filmə baxıblar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Azərbaycan xalqının və dövlətinin taleyində misilsiz xidmətləri olan dahi şəxsiyyət haqqında ürək sözlərini bölüşüb. İcra başçısı bildirib ki, bu gün Azərbaycan xalqı fəxr edə bilər ki, onun tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. İcra başçısı bildirib ki, “Azərbaycan mənim ürəyimdir! Azərbaycan mənim nəfəsimdir! Azərbaycan mənim həyatımdır!”, - deyən Ulu Öndər ömrünü Azərbaycan xalqına və dövlətinə bağışladı. Vətənimiz üçün çox mürəkkəb bir dövrdə xalqına arxa olan Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoyub. Onun zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilib.
Rayon rəhbəri qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu inkişaf strategiyası hazırda Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən biridir.
İcra başçısı bildirib ki, Ümummilli Liderin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycanı dünyada tanıdan, Qarabağı azadlığına qovuşduraraq, ata vəsiyyətini dönmədən yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi oğul yetişdirməsidir.
İcra başçısı qeyd edib ki, 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” dedi və artıq illərdir ki, biz xalq olaraq bu ümidlərin doğrulduğunun şahidi oluruq.
Rayon rəhbəri qeyd edib ki, bu gün əbədiyaşar Lider haqqında düşünərkən Prezident İlham Əliyevin Şuşa azad olunan gün – 2020-ci il noyabrın 8-də Fəxri xiyabanda Ulu Öndərin məzarını sonsuz qürurla ziyarət etməsi, xalqa müraciətində dediyi sözlər yada düşür: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya Azərbaycanlıları!”.
İcra başçısı vurğulayıb ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Ümummilli Lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyət hər bir vətəndaşın qəlbində böyük məhəbbətlə anılır, sevilir, yaşanır və əbədi yaşayacaqdır.
Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirib ki, müstəqil Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə müstəqil Azərbaycan yada düşür. Ulu Öndərin dəsti-xətti, onun izləri, əməlləri bizim hər anımızda, addımımızdadır. A.Nəbiyev Ümummilli Liderin Azərbaycanın müstəqilliyini qoruyaraq ölkəni məhv olmaq təhlükəsindən xilas etdiyini qeyd edib. Ulu Öndər Heydər Əliyevin böyük xilaskar, əbədi lider kimi xalqımız tərəfindən hər zaman hörmət və ehtiramla anılacağını, yad olunacağını söyləyib. A.Nəbiyev əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət siyasətinin, onun ideyalarının layiqli davamçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən əzmlə, qətiyyətlə yaşadıldığını, davam etdirildiyini diqqətə çatdırıb. “Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki onun istəkləri, ideyaları zamanla anbaan, günbəgün gerçəkləşir, ölkə başçısı İlham Əliyein rəhbərliyi altında Azərbaycanın qazandığı nailiyyətlərdə öz əksini tapır”, - deyən A.Nəbiyev illər ötsə belə həmin ideyaların bundan sonra da yaşayacağını, yaşadılacağını bildirib.
Qazax Rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Heydər babanın nəvələriyik” adlı həvəskar birliyin üzvləri Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin şagirdləri dahi şəxsiyyətə həsr olunmuş kompozisiya təqdim ediblər. Məktəblilər bildiriblər ki, Ulu Öndər 3 dəfə - 1971, 1979 və 1998-ci illərdə Qazax rayonunda olub, əmək adamları ilə görüşüb, müşavirələr keçirib. Ümummilli Lider Qazax rayonuna, onun zəhmətsevər insanlarına, yazıçı və şairlərinə, elm adamlarına daim yüksək dəyər verib, zaman-zaman onları qiymətləndirib. Sonra şagirdlər dahi şəxsiyyətə həsr olunmuş şeirlər, mahnılar səsləndiriblər.