Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Kürdəmirdə də qeyd olunub.
"Unikal" xəbər verir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə rayonun Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində “Milyonların qəlbində yaşayan lider”mövzusunda elmi-praktik konfrans təşkil olunub. Konfransda Rafiq Quliyevin quruluşçu rejissoru olduğu Ulu Öndər” sənədli filmi nümayiş edilib.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov qeyd edib ki, Azərbaycan xalqına və millətinə əvəzsiz xidməti həyatının məqsədi və mənası kimi qəbul edən, Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və ölkəsinin rifahı uğrunda mübarizə meydanında olub və millətinə rəhbərlik edib.
Çıxış edənlər vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin doğma xalqına ən böyük xidməti ölkənin dinamik strateji inkişaf meyarlarını müəyyən etməklə yanaşı, özü qədər inanıb-güvəndiyigörkəmli və qətiyyətli siyasi lider İlham Əliyev kimi davamçı hazırlaması olub.