Mayın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.
"Unikal" xəbər verir ki, müasir müstəqil dövlətimizi quran və onun inkişaf yolunu müəyyənləşdirən Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində müstəsna yer tutduğunu vurğulayan Dövlət Komitəsinin sədri Rövşən Rzayev onun əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. Qeyd edilib ki, torpaqlarımızın işğaldan mütləq azad ediləcəyi barədə Ulu Öndərin müdrikcəsinə söylədiyi fikirlər 44 günlük Vətən müharibəsində gerçəkləşib. Onun davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində bu müqəddəs missiyanı gerçəkləşdirib, məcburi köçkün həmvətənlərimizin doğma yurda qayıdışına imkan yaradılıb.
Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu sistemli dövlət siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi, hazırda isə böyük qayıdışa hazırlıq görüldüyü diqqətə çatdırılıb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın məcburi köçkünlərə diqqət və qayğı göstərdiyi bir daha xatırladılıb.
Tədbirdə Milli Məclisin deputatı Mahir Abbaszadə, Laçın rayonundan məcburi köçkün Əmirxan Zeynalov, Şuşadan məcburi köçkün Təvəkkül Əliyev və başqaları çıxış edərək, Ulu Öndər Heydər Əliyevin xalqımızın qürur mənbəyi olan möhtəşəm dövlətçilik fəaliyyəti barədə fikirlərini söyləyib, onun məcburi köçkünlərlə görüşləri barədə danışıb, əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri sayəsində Ulu Öndərin daha bir inamının doğrulacağına – məcburi köçkün həmvətənlərimizin öz ata-baba torpaqlarına qayıdaraq, o yerlərdə yeni həyata başlayacaqlarına əminlik bildirilib.
Sonda Dövlət Komitəsi tərəfindən Ulu Öndərlə şəxsən görüşmüş məcburi köçkünlərdən götürülmüş müsahibələr əsasında hazırlanan videoreportaj nümayiş etdirilib.