Vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsinə şəraitin yaradılması, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması bu gün dövlət məmurları qarşısında qoyulan əsas tələb və prinsiplərdir.
"Unikal" xəbər verir ki, yerlərdə vətəndaşların müraciətlərinə birbaşa və vasitəçi olmadan baxılması üçün mayın 11-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Xanbulan kənd inzibati ərazi dairəsində yaşayan vətəndaşlarla təqvim planına uyğun olaraq növbəti səyyar qəbul -görüşünü keçirib. İcra başçısı ilə birgə səyyar görüşdə İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, eyni zamanda yerli idarə və müəssisələrin nümayəndələri iştirak edib.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad olunduğu tədbiri giriş sözü ilə açan T.Qaraşov bildirdi ki, ölkə başçısının xüsusi tapşırıq və göstərişlərinə uyğun olaraq dövlət məmurları xalqın xidmətçisi kimi yerlərdə vətəndaşlarla birbaşa, vasitəçi olmadan görüşlər keçirirlər. İcra başçısı bütün görüşlərdə səsləndirilən məsələlərin şəxsən onun nəzarətində olduğunu qeyd etdi. Natiq ənənəvi olaraq öncə şəhid ailələrini, qaziləri və Vətən müharibəsi iştirakçılarını dinlədi, onları narahat edən problemlərin həllinə dair yerində göstərişlərini verdi. T.Qaraşov ölkə üzrə elektron torpaq xəritələrinin hazırlanmasından sonra mövcud imkanlar daxilində ehtiyacı olan bütün şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına həyətyanı torpaqların ayrılması təşəbbüsü ilə çıxış etdi, bununla bağlı aidiyyəti qurumlara tapşırıq və tövsiyələrini verdi.
Sərbəst, maneəsiz fikir və istəklərini, habelə şəxsi problemlərini dilə gətirən kənd sakinlərinin hər biri qaldırdığı məsələlərin həll olunması istiqamətində yerindəcə nəticəyə yönəlik tapşırıq və göstərişlərin verilməsindən məmnunluqlarını ifadə etdilər. Dövlətə sadiqliyi ilə nümunə təşkil edən yerli insanlar onlar üçün yaradılan şəraitə, qlobal miqyasda baş verən ərzaq qıtlığının təsirinin ölkəmizdən yan keçdiyinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.