Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilmişdir.
Nərimanov rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, mayın 6-ı saat 11 radələrində Nərimanov rayonu, Atatürk prospektində yerləşən mənzildə 1986-cı il təvəllüdlü Şamil Əliyevin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan və çürüməyə məruz qalmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Toplanmış ilkin sübutlar nəticəsində cinayət əməlininin 1989-cu ildə Bakı şəhərində anadan olmuş Emil Ağayev tərəfindən 23 aprel 2022-ci il tarixdə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Emil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.