“Azərpoçt”un sabiq şöbə müdirinə cinayət işi başlanılıb.
Bu barədə "Unikal"a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində nağd pul vəsaitləri ilə bağlı çatışmazlığın yaranmasına dair daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılan araşdırmalarla qeyd edilən poçt şöbəsinin sabiq müdiri Gülnarə Xəlilovanın işlədiyi 12.07.2021-ci il tarixdən 09.12.2021-ci il tarixədək olan müddət ərzində şöbənin xəzinəsində olan 16 min 500 manat və 4 min 500 ABŞ dolları məbləğində nağd pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.