Yerlərdə səyyar qəbul-görüşlərin keçirilməsi insanların gündəlik qayğı və problemlərinin öyrənilməsinə, onları narahat edən məsələlərin yerində araşdırılmasına, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olmaq məqsədini daşıyır.
"Unikal" xəbər verir ki, Lənkəran ŞİH başçısı Taleh Qaraşov bu qəbildən olan növbəti səyyar qəbul-görüşünü mayın 18-də Mamusta kənd inzibati ərazi dairəsində keçirib. İcra başçısı ilə birgə səyyar qəbul-görüşdə İcra hakimiyyəti aparatının məsul şəxslərinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin, eyni zamanda yerli idarə və müəssisələrin nümayəndələrinin iştirakı qaldırılan məsələlərin yerində həllinə imkan yaradır.
Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükütla yad edilməsindən sonra giriş nitqi ilə çıxış edən T.Qaraşov bildirib ki, qəbul-görüşlərdə səsləndirilən bütün müraciətlər şəxsən onun nəzarəti altındadır və həlli istiqamətində qanunamüvafiq addımlar atılır. Lənkəran ŞİH başçısı ənənəvi olaraq ilk növbədə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarının istək və qayğılarını dinləyib, onların hər biri ilə yaxından maraqlanıb, qaldırılan məsələlərin yerində həllindən ötrü göstəriş və tapşırıqlarını verib. Vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şəraitin yaradıldığı qəbul-görüşdə T.Qaraşov İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlərin yerindəcə həllinə göstəriş verib, həlli İcra hakimiyyətinin səlahiyyətləri daxilində olmayan məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət olunması və vətəndaşlara nəticəsi barədə məlumat verilməsini səlahiyyətli şəxslərə tapşırıb.
Yekun nitqi ilə çıxış edən Lənkəran ŞİH başçısı bildirdi ki, dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərinin nəticəsi olaraq vaxtılə kənd əhalisini narahat edən yol problemi həllini tapıb, insanların şəhər mərkəzi, eləcə də kənd daxilində rahat şəkildə hərəkəti təmin olunub.