Bakı Ekspo Mərkəzində 15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) sərgisi davam edir.
"Unikal" xəbər verir ki, sərginin ikinci günündə Belarus Respublikasının Baş naziri Roman Qolovçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti “Caspian Agro 2022” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub.
Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov qonaqlara məlumat verib ki, sərgidə ümumilikdə 24 ölkədən 449 şirkət iştirak edir. Bu il “Caspian Agro” sərgisi ağıllı kənd, süni intellekt, İT xidmətləri, pilotsuz uçuş aparatları (dronlar) kimi bölmələri əhatə edən “Smart Agro” istiqamətini təqdim edir.
Belarus Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər, aqrar sahəyə dövlət dəstəyi ilə bağlı ətraflı məlumat verilib. Sərgi ziyarətçiləri aqrar sahə ilə bağlı innovativ həllər və nailiyyətlərin nümayiş olunduğu Kənd Təsərrüfatı Nazirliyinə məxsus pavilyonu, müxtəlif ölkələrin milli stendlərini ziyarət edib, yerli və xarici şirkətlərin təqdim etdiyi məhsul və xidmətlərlə tanış olublar.
Qeyd edək ki, sərgidə Belarus Respublikasının milli pavilyonu fəaliyyət göstərir. Eyni zamanda, sərgidə Belarus Respublikasının həm kənd təsərrüfatı, həm də qida sənayesi sahələrində fəaliyyət göstərən 42 şirkəti iştirak edir. Belarus şirkətləri tərəfindən kənd təsərrüfatı texnikaları, qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar, qida məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları və digər məhsullar təqdim edilir.
Sərgi öz işini mayın 20-də də davam etdirəcək.