Mayın 18-də Azərbaycanın Baş Prokurorluğunda Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iclasa fəxri qonaqlar qismində Azərbaycanda səfərdə olan Litvanın Baş prokuroru Nida Grunskiene və bu ölkənin Xüsusi İstintaq Xidmətinin direktoru Jidrunas Bartkus qatılıblar.
Şuranın iclasında Azərbaycan Prezidenti Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik, ADA, Milli Aviasiya akademiyaları, eləcə də digər dövlət orqanları, ali təhsil müəssisələri, Ədliyyə, Polis, Dövlət Təhlükəsizliyi Xidməti, Gömrük akademiyaları, eləcə də İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin nümayəndələri iştirak ediblər.
Elmi-Məsləhət Şurasının iclasını açan Baş prokuror ölkəmizin ictimai-siyasi fəaliyyətində olan mühüm hadisələr, o cümlədən ölkə rəhbərliyinin dəstəyi ilə işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən geniş quruculuq-bərpa işləri, beynəlxalq müstəvidə əldə edilən uğurlar, eləcə də prokurorluq orqanlarının keçən dövr ərzində fəaliyyəti, o cümlədən həyata keçirilən islahatlar barədə Şura üzvlərini məlumatlandırıb.
Daha sonra Nida Grunskiene cinayət və korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan və Litva arasında əməkdaşlıq barədə çıxış edib. Xüsusi olaraq vurğulanıb ki, hər iki qurum arasında əməkdaşlıq əlaqələri zəngin təcrübəyə və uğurlu nəticələrə əsaslanır.
Fəxri qonaq Jidrunas Bartkus Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Litvanın həyata keçirdiyi “Azərbaycanda aktivlərin bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” tvininq layihəsinin əsas məqsədləri barədə ətraflı çıxış edib.
Bundan əlavə, Şuranın iclasında “Azərbaycan Respublikasında aktivlərin bərpası sahəsində mövcud vəziyyət” mövzusunda Baş Prokurorluğun idarə rəisi Vüqar Əliyev, “Milli antikorrupsiya fəaliyyətində beynəlxalq standartların tətbiqi vəziyyəti” mövzusunda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə rəisi Natiq Eyvazov məruzə ilə çıxış ediblər.
Eyni zamanda Şuranın iclasında Dövlət Gömrük Komitəsi Akademiyasının baş müəllimi Şahin Hüseynov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Fərid Dadaşov və Elmi-Məsləhət Şurasının katibi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli tərəfindən metodiki vəsaitlərin və kitabların təqdimatları keçirilib.
Tədbirdə gündəlikdə duran məsələlər, o cümlədən müxtəlif hüquqi məsələləri özündə ehtiva edən mövzular üzrə Elmi-Məsləhət Şurasının üzvləri tərəfindən çıxışlar edilib, geniş müzakirələr aparılıb.