İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iyunun 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

"Unikal" xəbər verir ki, Əmlak Məsələləri Dövlət  Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 15:00-da keçiriləcək hərracda 1 lot üzrə Qobustan rayonu “Nabur” vulkan külü yatağı, Qaradağ rayonu “Gülbaxt” əhəngdaşı yatağı, Qazax rayonu “Daş Salahlı” bentonit gili yatağı, 2 lot üzrə Qəbələ rayonu “Xırxatala” qum-çınqıl yatağı satışa çıxarılacaq. Başlanğıc qiyməti 2500 - 169400 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu 7 iyun 2022-ci il saat  16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, Istiqlaliyyət, 31 ünvanına təqdim etməlidirlər. Tələb olunan sənədlərin siyahısı ilə Agentliyin rəsmi internet səhifəsində “Hərraclar” bölməsində tanış ola bilərsiniz ( www.meda.gov.az)

Agentlik tərəfindən hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən sonra 2 iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44

Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.

Hərraclar və digər yeniliklər haqqında son xəbərləri agentliyin sosial şəbəkədə mövcud səhifələrindən də əldə etmək mümkündür.