Hazırda bir neçə ölkədə yoluxma faktı aşkarlanmış “meymun çiçəyi” çiçək xəstəliyinin bir növüdür. İnsandan insana yoluxma faktı daha azdır. Mərkəzi və Qərbi Afrika ölkələri, ABŞ, Böyük Britaniya, Portuqaliyada qeydə alınıb.
Bu barədə "Unikal"a TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva məlumat verib.
O bildirib ki, Azərbaycanda “meymun çiçəyi” ilə yoluxma halları aşkarlanmayıb. Bu simptomla bağlı heç bir müraciət daxil olmayıb. Virus mənşəli xəstəlikdir. Daha çox hallarda heyvandan insana, daha az hallarda isə insandan insana yoluxma halları müşahidə olunub.
Əsas simptomları yüksək hərarət, əzələ ağrıları, boğaz ağrıları, bəzi hallarda öskürək, dəri səpkiləri, qaşıntılardır. Yoluxma tənəffüs yollarından xaric olan damcılar vasitəsilə, dəri səpkilərinin möhtəviyyatı ilə, sıx təmas yolu ilə baş verir.
Çiçək virusuna nisbətən meymun çiçəyi virusunun törətdiyi xəstəliyin gedişatı daha yüngüldür, həmçinin yoluxduruculuq qabiliyyəti də daha zəifdir. Bu virusa qarşı vaksinasiya mövcuddur. Çiçək xəstəliyinə qarşı olan vaksinlər də öz effektini göstərir. Spesifik müalicəsi yoxdur, adətən 2-4 həftə ərzində öz-özünə sağalan bir xəstəlik hesab edilir.
Yoluxduruculuq qabiliyyətinin çox aşağı olması səbəbindən pandemiya halını alması da çox zəif ehtimaldır. Lokal olaraq bəzi yerlərdə epidemiya kimi müşahidə oluna bilər. Əvvəlki dövrlərdə də bu virusa yoluxma halları olub. Amma son dövrlərdə çiçək virusuna qarşı aparılan profilikatik vasitələr hər iki xəstəliyin azalmasına səbəb olub.
Su çiçəyi və “meymun çiçiyəni”nin klinik əlamətləri arasında oxşar və fərqli əlamətlər var. 90 faiz simptomlar bir-birinə bənzəyir. Fərqi ondan ibarətdir ki, “meymun çiçəyi” xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinliyi hallarına daha çox rast gəlinir. “Meymun çiçəyi” xəstəliyi su çiçəyinə nisbətən daha yüngül əlamətlərlə müşahidə olunur.