2021-ci ildə Azərbaycanda dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə 3,8% çox olub, büdcə gəlirlərinin artımının əsas mənbəyini hasilatın pay bölgüsü üzrə mənfəət vergisi, əlavə dəyər vergisi (ƏDV), gəlir vergisi, gömrük rüsumu, dövlət rüsumu təşkil edib.
"Unikal" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.
O bildirib ki, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər və dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar üzrə proqnoz göstəricilərə ümumilikdə 130 milyon manat məbləğində əməl olunmayıb.
Onun sözlərinə görə, hesabat ilində orta illik neft qiymətlərinin artımı fonunda Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert məbləğinə qənaət edilməsi səbəbindən neft sektoru üzrə gəlirlərin proqnozu kəsirlə icra edilib.
“Eyni zamanda, xüsusilə vurğulayım ki, 2021-ci ildə neft sektoru üzrə büdcə ödənişləri proqnozla yanaşı həm də 2019-2020-ci illərlə müqayisədə azalıb”.