"Azərbaycanda 2022-ci ilin yanvar-aprel aylarında Ümumi Daxili Məhsulun həcmi 7,2%, qeyri-neft ÜDM isə 11,4% artıb. Nominal olaraq ÜDM 14.5 milyard manat və ya 57,8%, o cümlədən, qeyri neft ÜDM müvafiq olaraq 3,7 milyard manat və 23,4% artıb".
"Unikal" xəbər verir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov deyib. Onun sözlərinə görə, ilk baxışda bunlar yetərincə yüksək göstəricilər hesab olunmalıdır:
"Lakin baş vermis iqtisadi prossesləri bir qədər dərindən təhlil etdikdə, tamamilə başqa bir mənzərənin şahidi oluruq. İqtisadiyyatın hər hansı bir sektorunda real artımlar o halda mümkündür ki, orada investisiya qoyluşları yüksələn xətlə çoxalsın. Azərbaycanda 2014-cü ildən bu günə qədər iqtisadiyyata və onun qeyri-neft sektoruna investisiya yatrımlarının həcmi durmadan azalır. Belə ki, əgər 2014-cü ildə iqtisadiyyata yönəldilmiş cəmi investitsiyaların (yerli və xarici investisiyalar) həcmi 27.9 milyard dollar, o cümlədən xarici investitsiyaların 11,7 milyard dollar olmuşdusa, bu rəqəmlər 2020-ci ildə müvafiq olaraq iki dəfə azalaraq, 13,2 milyard dollar və 6,1 milyard dollar təşkil etmişdi. Sual olunur ki, 7 il ərzində iqtisadiyyata yönəldilən həm yerli və həm də xarici investisiyaların iki dəfə azaldığı bir durumda, ölkə iqtisadiyyatında baş vermis bu “artımlar” hansı hesaba əldə olunub? Cavab çox sadədir. Bu göstəricilər dünyada və təbi ki, Azərbaycanda baş verən qiymət artımlarının yaratdığı gerçək nəticələrdir".
Eks-nazir qeyd edib ki, son bir ildə ölkədə istehlak mallarının, digər məhsul və xidmətlərin qiymətlərinin necə tüğyan etdiyi hər kəsin gözləri qarşısındadır:
"Azərbaycanda qiymət artımlarının bir başqa özəlliyi isə ondan ibarətdir ki, qiymətlər dünya bazarlarında baş verən prosseslərlə uyğun şəkildə deyil, sadəcə yerli monopolistlərin diktəsi ilə təyin edilirlər və bu səbəbdən də real arta biləcəklərindən çox yüksək olurlar".