Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər ediblər.
"Unikal" xəbər verir ki, səfər zamanı qonağı Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov müşaiyət edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti haqqında qonağa ətraflı məlumat verilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu siyasətin aparılmasında mühüm xidmətləri qeyd edilib.
Azərbaycanın 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistanın işğalına son qoyduğu, məcburi köçkünlərin öz yurdlarına qayıtmasına imkan yarandığı, dövlətimizin başçısının tapşırıqları əsasında, onların könüllü, ləyaqətli və təhlükəsiz qayıdışının təmin olunması üçün zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Səfir Maniq bütün köçkünlərin geri qayıtmasının regionun bütün sakinləri üçün dinc və səmərəli birgə yaşayışa qapı açacağına ümid etdiyini bildirib.
Səfər zamanı Şuşa və onun tarixi haqqında almaniyalı səfirə ətraflı məlumat verilib. Qeyd edilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. İşğaldan azad edildikdən sonra Şuşada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Bildirilib ki, infrastrukturun yenidən qurulması ilə yanaşı, şəhərin tarixi siması və mədəniyyət abidələri də bərpa olunur. Etnik alman olan, Şuşa şəhərindən məcburi köçkün İrma Veberin dərs dediyi 1 nömrəli məktəbdə həyata keçirilən yenidənqurma ilə də tanış olub.
Dövlət Komitəsinin sədri almaniyalı alim Mixael Hessin “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabını səfirə hədiyyə edib. Səfir kitabda Şuşa ilə Almaniyanın Vaymar şəhəri arasındakı mədəni oxşarlıq barədə söylənilən fikrə diqqət yetirib, Şuşa ilə Vaymar arasında əlaqələrin qurulmasına dəstək verəcəyini vəd edib.
Volfqanq Maniq Azərbaycanın tanınmış şəxsiyyətləri - Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəllərinin qoyulduğu mərkəzi meydana gedib. Qonaq sonra Şuşa şəhərində Xurşidbanu Natəvanın evi, Xan qızı bağı, Xan qızı bulağı, Xan sarayı, Üzeyir Hacıbəylinin heykəli və evi olan ərazilərdə, həmçinin Yuxarı Gövhərağa məscidi və Qazançı kilsəsi ilə tanış olub.
Səfir Şuşaya səfərin təşkilinə görə təşəkkür bildirib, şəhəri, Cıdır düzünü çox bəyəndiyini qeyd edib, imkan yarananda, yenidən buraya səfər edəcəyini deyib.