Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi başlayıb.
"Unikal" xəbər verir ki, hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən hazırlıq iclasında Əli Əliyevlə yanaşı xüsusi ittihamçı Ramiz Göyüşov da iştirak edib.
Ramiz Göyüşov təqsirləndirilən şəxsin onun şərəf və ləyaqətinə toxunan ifadələr işlətdiyini buna görə də məsuliyyətə cəlb olunmasını istəyib.
Təqsirləndirilən şəxs şikayətin əsassız olduğunu deyib.
Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət verərək iddia ərizəsinə xitam verilməsini istəyiblər.
Məhkəmə vəsatəti təmin etməyib.
Əli Əliyev barəsində xüsusi ittiham qaydasında qaldırılmış şikayət icraata götürülüb.
Baxış iclası iyunun 3-ə təyin olunub.
Xatırladaq ki, Ramiz Göyüşovun bir neçə ay əvvəl sosial şəbəkələrdə intim videosu yayılıb. Bundan sonra Ramiz Göyüşov YAP-dan kənarlaşdırılıb.