"Ermənistan XİN-in Azərbaycan dövlət başçısının 27 may 2022-ci il tarixində Zəngilan rayonunda səsləndirdiyi çıxışla bağlı növbəti əsassız açıqlama ilə çıxış etməsi təəssüf doğurur".
"Unikal"ın məlumatına görə, bu Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir:
İlk növbədə qeyd etmək istərdik ki, 30 ilə yaxın beynəlxalq hüququn fundamental prinsiplərini tapdalayan, işğalçı siyasət yürüdən, bir milyona yaxın azərbaycanlının insan hüquqlarını kobudcasına pozan Ermənistanın son zamanlar, sözdə beynəlxalq hüquqa tez-tez istinadlar etməsi maraq doğurur.
Ermənistandan fərqli olaraq, Azərbaycan hər zaman beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşıb və bu mövqeyi ardıcıl şəkildə nümayiş etdirib.
Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş Zəngilan rayonunda səsləndirdiyi fikirlərə gəldikdə isə, Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Azərbaycan dövlət başçısı, məhz beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan davranışdan çəkinməyə çağırır və belə bir hüquqa zidd davranışın doğura biləcəyi təhlükələrlə bağlı xəbərdarlıq edir.
Təəssüf ki, post-münaqişə mərhələsində Ermənistanda bu cür təhlükəli davranışları təşviq edən revanşist qüvvələr mövcuddur və bu qüvvələrin 30 ilə yaxın yürütdüyü təcavüzkar siyasətin Ermənistanı sürüklədiyi acınacaqlı vəziyyət göz qabağındadır.
Ermənistan tərəfi anlamalıdır ki, onilliklər öncəki davranışı həyata keçirmək cəhdləri xülyadan başqa bir şey deyildir. Yalnız bölgədə yaranmış yeni realıqların və yeni imkanların düzgün şəkildə dəyərləndirilməsi doğru nəticələrə gətirib çıxara bilər.