"Qız uşaqlarının ali təhsil almasının tamamilə pulsuz və dövlət hesabına olmasını xahiş edirəm".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, yüz minlərlə gənc qız uşaqlarının, xüsusən də kənd və rayon yerlərində həyatı dözülməzdir və gələcəyə ümidləri özlərinə yox, başqasına bağlıdır. "Ümidləri, arzuları normal və imkanlı bir şəxslə ailə həyatı qurmaqdır. Amma, biz onların hamısına ali təhsil verməklə həyatlarını dəyişə, həm də ölkəmizin inkişafına nail ola bilərik.Bir dəfə səsləndirmişəm, yenə də deyirəm. Xahiş edirəm ki, qız uşaqlarının ali təhsil alması dövlət hesabına ödənilsin. Heç bir qız uşağı ödəniş edə bilmədiyinə görə təhsildən kənarda qalmasın. Elə yerlər var ki, hələ də qız uşaqlarını məktəbə buraxmırlar. Elə stimullar yarada bilərik ki, ölkənin bütün qız uşaqları ali təhsil ala, kişilərlə bərabər rəqabətli iş yerlərini tuta və ölkənin ictimai-siyasi həyatında rollarını artıra bilərlər. Buna nail ola bilsək, ölkəmiz heç 10 il çəkməz ki, inkişaf etmiş ölkələr sırasına qoşular".
Anar Kəlbiyev