Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli razılaşmalarının regionda dinc həyatın nizamlanması və sabitliyin möhkəmlənməsi, iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı konkret məsələlərin həlli xüsusi qeyd olunmaqla icrasının gedişi nəzərdən keçirilib.

Prezident İlham Əliyev mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü barədə məlumat verib.

Söhbət zamanı iqtisadi-ticari sahədə ikitərəfli əməkdaşlığın bir sıra aktual aspektləri müzakirə edilib. Hər iki tərəfin Rusiya-Azərbaycan strateji tərəfdaşlığının, o cümlədən Azərbaycan Prezidentinin 2022-ci ilin fevralında Moskvaya rəsmi səfərinin yekunları nəzərə alınmaqla, bundan sonra da dərinləşməsi əzmində olması təsdiq edilib.

Müxtəlif səviyyələrdə müntəzəm təmasların davam etdiriləcəyi qeyd olunub.

***

13:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, telefon danışığı zamanı ölkə başçısı İlham Əliyev və Rusiya lideri Vladimir Putin Qarabağ üzrə sazişlərin icra vəziyyətini nəzərdən keçiriblər.

Ağarza Elçinoğlu