"2021-ci ilin dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim edilən sənədlərdə dövlət büdcəsinin parametrlərinin bir sıra fərziyyələrə və sosial-iqtisadi inkişaf proqnozlarına əsaslandığı, bu fərziyyələrin və proqnozların qlobal iqtisadi çağırışların təsiri ilə dəyişə biləcəyi və dövlət büdcəsinin bunun təsirinə məruz qala biləcəyi qeyd edilib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri bildirib ki, aparılmış təhlil “Büdcə zərfi”ndə nəzərdən keçirilmiş iki riskin - pandemiyanın davametmə müddəti və dövlət müəssisələrinin dövlət zəmanətli borcları üzrə öhdəliklərini yerinə yetirə bilməməsi icra prosesində reallaşdığını göstərir.
O qeyd edib ki, büdcə qanunvericiliyindəki tənzimlənməyən və uyğunsuzluq yaradan məsələlərin büdcə intizamına təsir edən əsas amillərdən biri kimi vurğulaya bilərik:
“Büdcə intizamı maliyyə öhdəliklərinin vaxtında və düzgün yerinə yetirilməsindən, büdcə vəsaitlərinin müvafiq məqsədlər üçün xərclənməsindən, müəyyən edilmiş norma və qaydalara ciddi riayət edilməsindən ibarətdir. Büdcə intizamının artırılması istiqamətində ilk növbədə daxili nəzarət və mühasibat uçotunun hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinin, bu sahədə bilik və bacarıqların artırılmasının vacib olduğunu qeyd edirik”.
Anar Kəlbiyev