Son vaxtlar ölkədə "Aİ-95 PREMİUM" markalı avtomobil benzininin satışında məhdudiyyətlərin olması və yaxın zamanlarda qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılır.
Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və Kommunikasiya xidmətindən "Unikal"a bildirilib ki, yayılan məlumatlar doğru deyil: "Heç bir məhdudiyyətdən, bahalaşmadan söhbət belə gedə bilməz. Çox güman ki, məhdudiyyət hər hansı yanacaqdoldurma məntəqəsində yaranmış texniki problemlə bağlı olub".
Məlumatda o da qeyd edilib ki, ölkəmizdə fəaliyyət göstərən bütün "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində, eyni zamanda Siyəzəndə fəaliyyət göstərən hər iki YDM-də Aİ-92 və digər yanacaq növlərinin satışı ilə bağlı heç bir çətinlik yoxdur. Hazırda qeyd olunan yanacaq növünün satışı fasiləsiz olaraq həyata keçirilir.