Mayın 31-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) üzvləri arasında görüş keçirilib.
“Unikal” xəbər verir ki, tədbirdə gömrük sistemində yeniliklərlə bağlı sahibkarların məlumatlandırılması, gömrük-biznes münasibətlərinin, qarşılıqlı dialoqun gücləndirilməsi, gömrük prosedurlarının və ticarətin asanlaşdırılması məsələləri müzakirə edilib, biznes nümayəndələrinin təklifləri öyrənilib.
Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, Komitənin sədr müavinləri, aidiyyəti struktur bölmələrinin rəhbərləri, “AmCham”ın prezidenti Nərgiz Nəsrullayeva və Palatanın üzvləri iştirak ediblər.
“AmCham”ın prezidenti Nərgiz Nəsrullayeva Palata ilə gömrük orqanları arasındakı əlaqələrdən məmnunluqla bəhs edib, iki qurumun rəhbərləri arasında keçirilən görüşlərdə səmərəli müzakirələr aparıldığını diqqətə çatdırıb.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər gömrük sistemində aparılan islahatların əhəmiyyətindən danışıb, tətbiq edilən yeniliklər hesabına Azərbaycan gömrük orqanlarının modernləşdirildiyini, ümumdünya gömrük ailəsinin etibarlı və nüfuzlu üzvünə çevrildiyini bildirib. Qeyd olunub ki, dövlət başçısının hərtərəfli diqqət və qayğısı nəticəsində Azərbaycan gömrüyü maddi-texniki baza və ixtisaslı kadrlarla təmin olunaraq dünyanın aparıcı gömrük orqanları arasında yer alır.
Komitə sədri vurğulayıb ki, islahatların əsas hədəflərindən biri də gömrük prosedurlarının sadələşdirilməsi, sərhədkeçmə proseslərini sürətləndirməklə ticarətin asanlaşdırılmasıdır. Bu məqsədlə yerlərdə aparılan tikinti və yenidənqurma işləri nəticəsində, eləcə də müasir texniki nəzarət vasitələrinin tətbiqi ilə gömrük-sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyəti bir neçə dəfə artırılıb. İslahatlardan əvvəl gömrük-sərhəd keçid məntəqələrindən gündəlik 150-170 yük nəqliyyat vasitəsinin keçidi təmin olunurdusa, hazırda bu rəqəm 600-ə çatdırılıb. Səfər Mehdiyev yeni inşa olunan gömrük-sərhəd keçid məntəqələri və yenidənqurma işləri hesabına yaxın zamanlarda bu sayın daha da artacağını bildirib.
2019-cu ildən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemini biznes nümayəndələrinin yüksək rəğbətlə qarşıladığını vurğulayan Komitə sədri idxal-ixrac əməliyyatlarının 41 faizinin bu sistemdən istifadə hüququ əldə edən sahibkarların payına düşdüyünü diqqətə çatdırıb. O da qeyd olunub ki, yaxın vaxtlarda tətbiq ediləcək yeni layihələr
ticarətin daha da asanlaşdırılması və gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı sahibkarlara əlavə imkanlar yaradacaq.
Komitə sədri islahatlar nəticəsində gömrük orqanlarının tamamilə kağızsız texnologiyalar əsasında fəaliyyət göstərdiyini, bəyanetmə prosesinin tam elektronlaşdırıldığını, sahibkarların internetə çıxışı olan istənilən məkandan gömrük əməliyyatlarını həyata keçirmək imkanı qazandıqlarını bildirib. Vurğulanıb ki, artıq gömrük əməliyyatlarının bir hissəsinin mobil versiyasının tətbiqinə başlanıb və hazırda mobil həllərin daha da genişləndirilməsi istiqamətində iş aparılır.
Səfər Mehdiyev qaçaqmalçılıqla mübarizə, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması sahəsində əldə olunan nəticələrin Ümumdünya Gömrük Təşkilatı, BMT-nin aidiyyəti qurumları və dünyanın inkişaf etmiş dövlətləri tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Komitə sədri Dövlət Gömrük Komitəsinin ÜGT-nin Avropa Regionuna 2 il ərzində rəhbərlik etməsini, hazırda ÜGT-nin mötəbər qurumlarından biri olan Siyasi Komissiyada təmsil olunmasını da Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin və gömrük sistemində həyata keçirdiyi islahatların nəticəsi olduğunu vurğulayıb.
Sonra görüşün əhəmiyyətindən bəhs edən Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin biznes nümayəndələri ilə dialoqa daim açıq olduğunu, təşkil edilən görüşlərdə, seminar və konfranslarda səsləndirilən fikirlərin gömrük işinin səmərəli şəkildə qurulmasında mühüm rol oynadığını deyib.
Sonda Palata üzvlərinin təklifləri dinlənilib və sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.