“Ölkəmizin enerji daşıma sisteminin səmərəliliyinin artırılması Azərbaycandan qaz ixracını artırmağa imkan verəcək. Bu, bizim məqsədimizdir, əminəm ki, ona nail olacağıq”.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində bildirib.
“Çünki bundan əvvəl planlaşdırdığımız hər bir şeyi,- bu təkcə neft-qaz sahəsinə aid deyil,- həyata keçirmişik və bunu maksimum effektiv şəkildə etmişik”, - dövlət başçısı deyib.
Onun sözlərinə görə, ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və konfransı, həmçinin hazırda keçirilən Bakı Enerji Həftəsi bütün bu mühüm məsələləri müzakirə etməyə imkan verəcək.
“Şaxələndirmə enerji təhlükəsizliyinin ən vacib amillərindən biridir. Enerji strategiyamızın qəbul edildiyi ilk gündən etibarən bunun üzərində çalışırıq: ixrac marşrutlarımızı şaxələndirmişik, müxtəlif istiqamətlərdə 3 neft kəməri, 4 qaz kəməri yaradılıb, 4 ölkəyə elektrik enerjisi ixrac edirik”, - Prezident diqqətə çatdırıb.