Gənc müğənni Amid Səda həbs edilib.
"Unikal" "qafqazinfo”ya istinadən xəbər verir ki, müğənni sevgilisinə hədə-qorxu gələrək ondan 1500 manat pul və 700 manat dəyərində mobil telefonunu aldığına görə barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ağcabədi rayon sakini olan 2002-ci il təvəllüdlü Amid Səda bir müddət əvvəl “TikTok” sosial şəbəkəsində Lalə (şərti adlı) adlı qızla tanış olub və onların arasında sevgi münasibəti yaranıb. Onlar müxtəlif yerlərdə görüşüblər. Ötən ilin sonlarında isə Amid Laləni şantaj edərək onun intim görüntülərini sosial şəbəkələrdə yayacağını bildirib və 2 min manat tələb edib. Qohumları və tanışları arasında rüsvay olacağını düşünən gənc qız keçmiş sevgilisinin hədələrinin real olduğunu düşünərək Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində onunla görüşərək 1500 manat pul və 700 manat dəyəri olan “Samsung” markalı mobil telefonunu ona verib.
Abşeron Rayon Polis İdarəsində açılmış cinayət işinin materialları rayon məhkəməsinə göndərilib. Məhkəmədə Amid Səda törətdiyi əmələ görə özünü təqsirli bildiyini, peşman olduğunu deyib. Qız isə artıq Amidin dəymiş ziyanı ödədiyini deyərək ondan şikayətçi olmadığını deyib.
Abşeron Rayon Məhkəməsinin 3 İyun 2022-ci il tarixli hökmü ilə Amid Sədaya 3 il müddətinə həbs cəzası verilib.
Qeyd edək ki, Amid Səda gənc müğənni kimi populyarlıq qazanıb, onun yutub platformasında yerləşdirdiyi mahnı və kliplərinə yüz minlərlə baxış gəlib.