11 rayona xidmət edən ölkənin ən böyük magistral suvarma kanalı olan Yuxarı Qarabağ kanalında işlər sürətlə davam edir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Respublikanın ən böyük magistral suvarma kanalı olan Yuxarı Qarabağ kanalında işlər sürətlə davam edir. Öz mənbəyini Mingeçevir Su Anbarından öz axımı ilə götürən kanal ölkənin 6 rayonunun ərazisindən keçməklə 11 rayona xidmət edir. Kanalın uzunluğu 172,4 km-dir. Kanal üzərində 19 ədəd hidrotexniki qurğu, 32 ədəd körpü, 12 ədəd səviyyə qaldıran qurğu, o cümlədən 45 ədəd paylayıcı qurğu, digər sifon və borulardan ibarət paylayıcı qurğular yerləşir. 2022-ci ilin yaz-yay suvarma mövsümünə hazırlıqla bağlı kanalda cari və əsaslı təmir işləri aparılır. Su itkisinə qarşı mübarizə tədbirləri çərçivəsində kanalın alçaq, ensiz yerlərinə torpaq daşınıb tökülür. Kanalın daxili yamaclığında lildən təmizlənmə işləri görülür. Bütün bu işlər Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi tərəfindən həyata keçirilir.
Bu il su ehtiyatı əvvəlki illərə nisbətdə daha yaxşıdır. Çünki, Mingeçevir su anbarında suyun səviyyəsi ötən illə müqayisədə 2 metrdən artıq təşkil edir. Önəmli əhəmiyyətə malik olan yuxarı portal baş qurğusundan rayonların suvarma suyu limitə və təlabata uyğun olaraq tam ödənilir. Eyni zamanda Araz çayına saniyədə 25 kub metr su verilir ki, bu da Araz çayı ətrafında yerləşən Saatlı, Sabirabad, İmişli, Biləsuvar və Cəlilabad rayonlarının ərazilərində su çatışmazlığını aradan qaldırır.
Hazırda mövsümlə əlaqədar olaraq Yuxarı Qarabağ kanalında işlər sürətlə davam edir. Kanalın daxili yamaclığında olan kol-kos daimi olaraq təmizlənir, daxildə olan lil qatı texnikalar vasitəsi ilə kanaldan xaric olunur. Kanalın keçdiyi rayonların ərazilərinə Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin texnikaları cəlb olunub.