Sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin kitabxanasının girişində tələbələr üçün elan yerləşdirilib.
"Unikal" xəbər verir ki, elanda tələblələrin şortik və maykada kitabxanaya gəlməsinin qadağan edildiyi bildirilib.
ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova "Unikal"a bildirib ki, burada qeyri-adi hal yoxdur. O qeyd edib ki, bu, tamamilə etikdir və cəmiyyətin qaydalarına dəvət edən qərardır:
"Cəmiyyətdə ictimai yerlərdə geyim qaydalarına uyğun normativləri var. Bura təhsil müəssisəsidir, daxili nizam-intizam qaydalarımız var və bu qaydalara uyğun olaraq müəyyən məsələlərin tənzimlənməsi normal haldır. Biz bu məsələyə də tələbələrin dərsə davamiyyəti kimi baxırıq. Dünyanın ən demokratik hesab olunan ölkələrin də belə ictimai yerlərdə, işdə, o cümlədən təhsil müəssisələrində müəyyən geyim formalarına əməl olunur.
Kiminsə hansısa geyimi özü üçün məqbul hesab etməsi, digərinin etirazı ilə normal yanaşma həddinə qədərdir. Bir tələbənin tərzinə digər tələbənin etirazı ola bilər. Biz bir tələbə istədiyi kimi geyinsin deyə, digərlərinin mövqeyini görməzdən gələ bilmərik. Bura təhsil müəssisəsidir və daxili nizam-intizam qaydalarımız var".