İyunun 7-də Lənkəran ŞİH başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Şağlaküçə kənd inzibati ərazi dairəsinə daxil olan Şağlakücə və Bəlləbur kəndlərinin sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, səyyar qəbul-görüşdə İcra başçısı ilə birlikdə İcra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər. Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra Lənkəran ŞİH başçısı çıxış edib.
Natiq artıq ənənə halını alan səyyar qəbul-görüşlərin keçirilməsində başlıca məqsədin insanların qayğı və problemlərinin dinlənilməsi, onları narahat edən məsələlərin həllinə köməklik göstərmək olduğunu bildirib. İcra başçısı şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə yaxından maraqlanıb, onları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq göstərişlərini verib. T.Qaraşov kənd əhalisi tərəfindən qaldırılan bütün məsələlərin şəxsən onun nəzarətində olduğunu qeyd edib və bildirib ki, səyyar qəbul-görüşdə qaldırılan bütün məsələlərin nəticəsi barədə vətəndaşlara qanunamüvafiq formada məlumatlar veriləcək. İcra başçısı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, qaldırılan məsələlərin həllinə vaxtında və nəticəyə yönəlik addımların atılmasına xüsusi önəm verdiklərini qeyd edib. Kənd sakinləri də keçirilən qəyyar qəbul-görüşdən razılıqlarını ifadə edərək onlara fikir və istəklərini rahat və sərbəst söyləyə bildikləri üçün yaradılan şəraitə görə təşəkkürlərini ifadə ediblər.
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Lənkərana xüsusi diqqət ayırdıqlarını bildirən yerli sakinlər bu doğmalığı hər zaman hiss etdiklərini və buna görə onlara qəlbən minnətdar olduqlarını qeyd ediblər.