Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koçla görüşüb.
Nazirliyin Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Türkiyə arasında kibertəhlükəsizlik, "Hökumət buludu" və insan kapitalının inkişafı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.
"TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalının bu il ilk dəfə Türkiyədən kənarda məhz Azərbaycanda keçirilməsi ölkələrimiz arasında mövcud olan tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin növbəti uğurlu nümunəsi kimi dəyərləndirilib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalda iştirak etmələri və müsabiqələrin qaliblərini şəxsən mükafatlandırmaları “TEKNOFEST Azərbaycan” tədbirinə, eləcə də gənclərin texnologiya sahəsində fəaliyyətinə ən yüksək səviyyədə dəstəyin göstəricisidir.
Görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal Transformasiya Ofisi ilə də uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb. Əlavə olunub ki, ötən ilin sentyabr ayında Bakıda imzalanmış Rəqəmsal transformasiya üzrə Azərbaycan-Türkiyə İşçi qrupunun Yol Xəritəsi bu əməkdaşlıq üçün hüquqi baza rolunu oynayır.
Qeyd edək ki, Rəqəmsal transformasiya üzrə Azərbaycan-Türkiyə İşçi qrupunun yaradılması barədə razılıq rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç arasında 18 fevral 2021-ci il tarixində Ankara şəhərində keçirilmiş görüş zamanı əldə olunub.