"İşğaldan azad olunan bölgələrə Prezidentin xüsusi nümayəndələrinin təyin olunması Azərbaycan dövlət idarəetmə sistemində yenilikdir".
Bunu "Unikal"a açıqlamasında deputat Nəsib Məhəməliyev deyib. O bildirib ki, ötən müddət ərzində görülən işlərin miqyası və keyfiyyəti, xüsusi nümayəndə institutunun özünü doğrultduğunu göstərir.
"Yerli icra hakimiyyətləri ilə onları fərqləndirən əsas cəhət ondan ibarətdir ki, xüsusi nümayəndələr işğaldan azad olunmuş ərazidə təmir-bərpa, infrastruktur layihələrinin icrası ilə məşğuldurlar. Əhali sektoru, ictimai-siyasi, sosial, mədəni-kütləvi məsələlərlə icra başçıları məşğul olur".
Yerli icra hakimiyyətlərinin nə vaxt ləğv olunacağına gəlincə, deputat bildirib ki, bunu heç kəs deyə bilməz.
"Bu, Prezidentin səlahiyyətində olan məsələdir. Dövlət başçısı nə vaxt lazım bilsə, o zaman öz sərəncamı ilə digər bölgələrə də xüsusi nümayəndələr təyin edə bilər. Bugünkü reallıq ondan ibarətdir ki, yerli icra hakimiyyəti başçılarının fəaliyyəti nizamnamə ilə uzlaşmır".
Anar Kəlbiyev