AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova İtaliyada elmi ezamiyyətdə olub. Ezamiyyət çərçivəsində rektor Romualdo Del Bianko Fondunun direktoru Paolo Del Bianko ilə görüşüb, əməkdaşlıq perspektivləri və birgə layihələr barədə fikir mübadiləsi aparılıb.
"Unikal" xəbər verir ki, növbəti görüş Milan Politexnik Universitetində keçirilib, əməkdaşlığın yeni istiqamətləri ilə bağlı geniş müzakirələr aparılıb, yeni razılaşmalar əldə olunub.
AzMİU ilə Milan Politexnik Universiteti arasında magistratura səviyyəsində ikili diplom proqramı haqqında müqavilə bağlanıb. Abidələrin bərpası və rekonstruksiyası ixtisasını əhatə edən müqavilə növbəti tədris ilindən qüvvəyə minəcək. Görüşdə sənədin hər iki tərəf üçün faydalı olacağı vurğulanıb, ölkələrimiz arasında da əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub. Qeyd edək ki, nümayəndə heyətində AzMİU-nun rektoru ilə yanaşı, İctimaiyyətlə Əlaqələr və Marketinq Mərkəzinin direktoru İsa Muradov, Milan Politexnik Universitetindən isə
Beynəlxalq əlaqələr üzrə prorektor, professor Stefano Ronçi, Şərqi Avropa üzrə beynəlxalq əlaqələr üzrə prorektor, professor Mauro Filippini və professor Nora Lombardini iştirak edib.
Daha sonra Gülçöhrə Məmmədova Milan Politexnik Universitetinin kampusu və laboratoriyaları ilə tanış olub.