Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Conson iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
"Unikal" xəbər verir ki, məktubda deyilir:
"IX Qlobal Bakı Forumunun açılışı münasibətilə Sizi təbrik edirəm. Sabiq, indiki və gələcək liderlərə günün ən aktual problemlərini nəzərdən keçirmək üçün bu mühüm imkanı yaratdığınıza görə Sizə bir daha təşəkkür edirəm.
Rusiyanın Ukraynanı qanunsuz və səbəbsiz işğal etməsi məsələsini Forumda əsas müzakirə mövzusu kimi çıxarmaq qərarınızı alqışlayıram. Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qarşı hücumu qlobal sülh və təhlükəsizliyə yönəlmiş hücumdur. Ukraynanın Mariupol və başqa şəhərlərində amansız qətllər və genişmiqyaslı dağıntılar gələcəyə qorxulu baxış təqdim edir -beynəlxalq hüququn pozulması və müstəqil dövlətlərin suverenliyinə hörmətsizlik. Rusiyanın hərəkətləri təhlükəsizlik və daha geniş dünya üçün çox acı nəticələrə səbəb olacaq – təkcə Putinin mənfur blokadasının qlobal ərzaq təhlükəsizliyinə təsirinə baxmağımız kifayətdir.
Biz Ukraynanın cəsur müdafiəçilərini silahlandıraraq, canlı humanitar və iqtisadi yardım göstərərək və Rusiyanın Ukraynadan geri çəkilməsini təmin edərək birgə cavab tədbirləri görməliyik.
Siz, həmçinin enerji təhlükəsizliyi və transformasiya məsələsini vurğuladınız. Biz indi enerji təchizatımızın yenidən qurulmasının ən intensiv iki paralel mərhələsinə yaxınlaşırıq. Biz Rusiyanın yanacaq ehtiyatları ilə əlaqələrimizi kəsməliyik. Azərbaycan kimi alternativ təchizatçıların çox böyük rolu var. Eyni zamanda, iqlim dəyişikliyi artıq nəzəriyyə deyil. Bu gün daha isti, quru və dəyişkən havanın reallığı yaşayış yerlərinə ziyan vurur və həyatlara son qoyur. İqlim dəyişikliyinin gələcək ən pis təsirlərinin qarşısını almaq üçün sürətli bərpaolunan enerjiyə mümkün qədər tez keçməklə xalis sıfıra çatmalıyıq. Dəyişikliyin bu qoşa aparıcı qüvvələri növbəti aylarda və illərdə bərpaolunan enerjiyə böyük sərmayə qoyacaqlar.
Forumdan əlavə, mən bilirəm ki, Azərbaycan pandemiyadan sonra biznes üçün açılaraq uğurlu il keçirib, “AVRO 2020” futbol turniri və Formula 1-ə uğurla ev sahibliyi edib. Sizin silahlı qüvvələriniz Kabildə NATO ilə bərabər hava limanında son ana qədər koalisiyanı dəstəkləmək üçün qəhrəmanlıq və peşəkarlıq göstəriblər.
2020-ci ildə işğaldan azad etdiyiniz qərb regionlarınızın bərpası sözsüz ki, xalqınız üçün ən önəmli hədəfdir. Bu regionların mədəniyyət, ekoloji texnologiyalar və innovasiyalar üçün yeni mərkəzə çevrilməsi fürsətləri var. Lakin münaqişə sonrası çirklənmə maneə olaraq qalır. Mina və digər silahlar bu bölgəni çirkləndirib. Mən şadam ki, britaniyalı minatəmizləmə mütəxəssisləri və şirkətləri azərbaycanlı həmkarları ilə bərabər bu təhlükəni aradan qaldırmaq üçün birgə çalışırlar. Bu, barışıq və həmin torpaqların uğurla məskunlaşdırılması istiqamətində böyük addım olardı və Azərbaycanın yeni minalar basdırmamaq öhdəliyi götürməsi və piyada əleyhinə minaların qadağan edilməsi müqaviləsini imzalamasında regional liderliyini göstərərdi.
Xahiş edirəm, Forumun uğurlu keçməsi ilə bağlı ən xoş arzularımı qəbul edin".