Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.
"Unikal" xəbər verir ki, komitə sədri Bəxtiyar Əliyevin sədrliyi ilə keçirilən toplantının gündəliyinə 1 məsələ daxil edilib.
Bu, “Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Dəniz limanları haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsidir.
Gündəliyin təsdiqindən sonra Bəxtiyar Əliyev qanun layihəsinin komitənin profilinə uyğun baxılacaq 3-cü, 10-cu, 11-ci və 12-ci maddələri barədə məlumat verib. Komitə sədri bildirib ki, bu maddələrdə təhsillə bağlı qanunlara təklif olunan dəyişikliklər, əsasən termin dəqiqləşdirilməsi ilə bağlıdır və texniki xarakter daşıyır. Belə ki, dəyişikliklərdə “nitq qüsuru”, “kar”, “kor”, “əqli cəhətdən geri qalanlar” kimi anlayışların müvafiq olaraq “nitq pozuntusu”, “eşitmə qabiliyyəti tam məhdud olanlar”, “görmə qabiliyyəti tam məhdud olanlar”, “əqli geriliyi olanlar” sözləri ilə əvəzlənməsi təklif edilib.