Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə ittiham olunan Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Füzuli Qarayev verilmiş maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum olunub.
O, son sözündə arvadını öldürdüyü üçün peşiman olduğunu deyib.
Xatırladaq ki, hadisə ötən ilin avqust ayında qeydə alınıb. Həmin gün Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə)maddələri ilə cinayət işi başlanıb.