Bu gün 25 may-17 noyabr 1918-ci il tarixləri arasında Nuru Paşa komandanlığındakı Qafqaz Hərəkatında Azərbaycanın müstəqilliyi naminə qardaşlıq uğrunda 11 iyun 1918-ci il tarixində Gəncədə canlarını fəda edən Qafqaz İslam Ordusunun ilk şəhidlərindən – 13 qəhrəman məhmətçiyin xatirəsinə inşa edilən abidənin açılış mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkilləri Pərvin Kərimzadə, Məlahət İbrahimqızı, Müşfiq Cəfərov, Elşad Mirbəşiroğlu, Quru Qoşunları Komandanının birinci müavini-qərargah rəisi general-mayor Vasif Kazımov, Azərbaycan Türk İş Adamları Birliyinin sədri Camal Yangın, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının nümayəndəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri və şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə Qafqaz İslam Ordusunun və Qarabağ müharibəsinin şəhidlərinin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Türkiyə Dövlət Himnləri səsləndirilib.
Niyazi Bayramov çıxışında, bu günün hər kəs üçün çox əlamətdar və qürurverici günlərdən olduğunu söyləyib. O qeyd edib ki, Qafqaz İslam Ordusunun Gəncədə qəhrəmancasına şəhid olan 13 məhmətciyin xatirəsinə həsr olunan abidə hər iki ölkə arasında olan dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsidir.
Cahid Bağçı tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ucaldılan möhtəşəm abidə hər iki dövlət üçün çox böyük tarixi hadisədir. O qeyd edib ki, Qafqaz İslam Ordusunun ilk amalı Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. Cahit Bağçı Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli lider Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin sarsılmaz qardaşlıq münasibətləri üzərində qurulduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən rəsmilər Azərbaycan və Türkiyə arasında olan tarixi köklərə söykənən dostluq və qardaşlıq münasibətlərindən bəhs ediblər. Bildirilib ki, hər iki dövlətin əlaqələri günü-gündən güclənir, möhkəmlənir və daha da dərinləşir.
Çıxışlardan sonra din xadimləri Kamran Məmmədov və Zeki Yavuzyılmaz şəhidlərin ruhuna dualar oxuyublar. Daha sonra rəsmilər tərəfindən abidənin üzərindən ağ örpək götürülüb və önünə tər güllər düzülüb.
Mərasimdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalanlar qrupunun və Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında “Mehtər Marşı” və “Nuru Paşa Marşı” təqdim olunub.
Tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk tərəfindən Qafqaz İslam Ordusunun ilk şəhidlərindən – 13 qəhrəman məhmətciyin xatirəsinə ucaldılan abidənin inşasında əməyi keçənlərə Təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, abidə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türkiyənin Gəncədəki Baş Konsulluğunun və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı ilə inşa edilib. 7 metr hündürlüyündə olan abidənin memarı Mustafa Yama, layihə rəhbəri Turqay Əliyevdir.
Bununla yanaşı, Gəncədə Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan “Əmanətə Sahib Çıx" adlı ənənəvi XVIII əl işləri Xeyriyyə Sərgisinin yekun mərhələsi olan hədiyyələrin təqdimat mərasimi keçirilib.
Tədbirdə Gəncliyə Yardım Fondunun rezidenti Ahmet Tecim, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk çıxış edərək şəhidlərimizin vətən uğrunda canlarını qurban verərək göstərdikləri şücaətdən bəhs edib və onların övladlarına gələcək həyatlarında uğurlar arzulayıblar.
Daha sonra “Əmanətə Sahib Çıx!” layihəsi çərçivəsində keçirilən xeyriyyə sərgisindən əldə olunan vəsait hesabına alınan velosipedlər 22 şəhid övladına hədiyyə edilib.