Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ı Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağırıb.
"Unikal" xəbər verir ki, artıq müvafiq qətnamə ABŞ Senatının komitəsi tərəfindən təsdiqlənib:
"Bu səhər mən Amerika Birləşmiş Ştatlarına müraciət etdim ki, Rusiyanı terrorizmin sponsoru kimi tanısın. Müvafiq qətnamə ABŞ Senatının komitəsi tərəfindən təsdiqlənib, hüquqi qərarı isə Dövlət Departamenti verə bilər. Belə bir qərar təbii ki, zəruridir və onu bütün demokratik dünya dəstəkləməlidir. Mən Almaniyada baş tutan G7 sammitində konfrans iştirakçılarına dedim"-deyə Ukrayna prezidenti bildirib.
İyunun əvvəlində ABŞ Dövlət Departamenti bildirmişdi ki, ABŞ administrasiyasının ekspertləri Rusiya Federasiyasının Ukraynadakı hadisələr fonunda ABŞ-ın terrorizmin sponsorları dövlət siyahısına daxil edilməsi meyarlarına cavab verib-vermədiyini araşdırmaqda davam edir.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir müddət əvvəl ABŞ-ın Rusiya Federasiyasının terrorizmi himayə edən ölkə kimi tanınması təşəbbüsünü “axmaq xarakterli tədbir” adlandırmışdı. Diplomat bunun cavabsız qalmayacağını qeyd edib.
Terrorçuluğa sponsorluq edən ölkələrin siyahısını ABŞ Dövlət Departamenti tərtib edir. Buraya Vaşinqtonun fikrincə, “beynəlxalq terror aktlarını dəfələrlə dəstəkləmiş” dövlətlər daxil ola bilər. Amerika administrasiyası siyahıdakı şəxslərə qarşı sanksiyaların tətbiqi baxımından geniş səlahiyyətlərə malikdir. ABŞ Maliyyə Nazirliyi həmin hüquqi və fiziki şəxslərə, həmçinin siyahıda olan ölkələrlə ticarət aparan dövlətlərə qarşı tədbir görə bilər. Dövlətin siyahısı əlavə məhdudlaşdırıcı tədbirlər üçün əhəmiyyətli təsirlərə malik ola bilər.